bir uşağın məqsədsiz yazılmış hekayəsi

by Heydarov

Hər şey tədricən baş verirdi…

Öncələr sadəcə uşaqsayağı hərəkətlər edərdi. Anası hər zaman `Dərs oxu, məhəllədən uzağa çıxma, yeməyini ye` deyərək onu kiçik bir dairənin içində saxlamışdı. 15 yaşına kimi bəlkə də məktəblə ev arasındakı yoldan başqa heç bir yol tanımazdı. İndi də olduğu kimi, o zamanlar orta oxuyan şagirdlərdən biri idi. Bütün dərslərini son dəqiqədə etməyi çox sevərdi. Belə baxanda boş vaxtlarında da heç nə etməzdi… Atasını da çox sevərdi. Çox az görərdi onu, amma görəndə belə gözlərinin işıltısı daxilində demək istədiyi hər şeyi göstərərdi. Onun başqa yerlərə getməsinə heç dözə bilməzdi. Hələ uşaq idi, dözümü yox idi. Atası da ona aldığı hədiyyələrlə başını qatardı, hər defə yeni nəsə alardı. Ama balacanın o vaxtdan çox marağı yox idi hədiyyələrə. Hər zaman sındırıb tökərdi bütün hədiyyələri, əsas da maşınları. Anası elə danlayardı ki, hələ arada bir döyərdi də, qorxusundan onun sözündən kənara çıxa bilməzdi. Necə olurdusa getdiyi hər yeri bilib gəlib ordan tapıb çıxarıb sonra elə hey danlayardı. Anasının bişirdiyi yeməkləri çox sevərdi, əsasən də süd məhsullarını. O zaman anlamazdı, nələr doğru nələr yanlışdır. Elə öz ağlına gələni anasının qoyduğu çərçivəyə uyğun edərdi. Atası ona ancaq bir çərçivə qoymuşdu- ağıllı olub dərslərini oxu və evdəkiləri qoru.
Bu onun 6-7 yaşından bu yana bildiyi tək çərçivədir atasından aldığı.

***

Zaman keçdikcə böyüməyə başladı. Yeni-yeni insanlar tanımağa başladı. Dostlar qazanmağa başladı. Əslində hələ də bilmir `dost`mu qazanıb yoxsa sadəcə müəyyən müddət birlikdə vaxt keçirdiyi sadəcə yoldaşlarmı, amma o vaxt `dost` bilərdi həmin insanları. Onlar üçün bəlkə də çox şeylərdən vazkeçərdi ki, qoy dostları yaxşı olsun. Artıq məhəllə limitindən kənara çıxıb digər məkanları kəşf eləyirdi. Qorxmurdu. Düzdür yenə anasının danlamaları davam edirdi, lakin artıq onlar uşaq vaxtındakı kimi boşuna olanlardan deyildi. Bəlkə də o zamanlar da boş deyildi, bəlkə də yavaş-yavaş anlamağa başlayırdı o danlamaların arxasında gizlətdiyi mənanı anasının. Fikirləşirdi ki, biraz böyüyəndən sonra özünə məqsəd qoyacaq, o məqsəd üzərində irəliləyəcək. Hələ bilmirdi nə olmaq istədiyini. Nə də olsa yaşı az idi. Dost bildiyi insanlarla vaxt keçirməkdən çox həzz alardı. Hələ də əyləncə anlayışı sadəcə ayda 1dəfə `dost`larıyla biraz artıq vaxt keçirmək idi. Dərslər artıq ağırlaşdığından daha çox çalışmalıydı, amma həm özünün hərşeyi sona saxlama xasiyyətindən, həm də anasının axşam tez yatmağa məcbur elədiyindən yenə də çox çalışmayan şagirdlər arasında yer alırdı. Lakin həqiqətən çox məyus olardı zəif qiymət aldığı zaman. Səbəbini bilməzdi, heç indi də bilmir, ama yenə də istəyərdi yaxşı nəticələri olsun. Beləcə böyüyürdü məqsəd tapıb çıxa bilmədiyi o mərkəzi dairəvi yoldan.

***

İndi əvvəlkinə nisbətən daha da böyüyüb. Boyu artıb, fiziki görünüşü bir az dəyişib, fikirləri dəyişib. Bunlara baxmayaraq hələ də özünə bir məqsəd seçə bilməyib, mərkəzi dairəvi yolu hələ də fırlanır… Nə istədiyini bilmədiyindən də etdiyi səhvlərin gələcəkdə ona nə kimi problemləe açacağını, və ya nə xüsusi olaraq nə etməli olduğunu hələ də bilmir… Ətrafına baxıb heç kimi olmadığını görməksə onu çox sıxır. Ailəsinin, `dost`larının, yaxınlarının ondan uzaqda olması onu çox sıxır. İstədiyini eləmişdi, amma nə üçün eləmişdi məlum deyil heç özünə də. Anasının yeməklərindən, atasının söhbətlərindən, ailəsindən, dostlarından ötrü çox darıxdığını artıq gizlədə bilmir. Bacardığı qədər özünü güclü göstərmək istəyir. Amma məqsəd yoxdur. Yolunun istiqamətini seçə bilmir. Bunu gec olmadan etməsə çox çətin olacaq. Dəstəyə ehtiyacı var, amma təkdir o. Həyatın ona göstərəcəyi yolları görmək istəyir. Gözləyir. Az qalıb… Dəyişməli olan çox şey olacaq…

Advertisements