Bir Buddist`in Karması (söhbət)

by Heydarov

Münhen`də Westpark adlı bir park var. Təbiətin  bütün gözəllikləri bu parkda birləşib desəm yanılmaram yəqin ki. Balaca təpəliklər, göl, şəlalə, balaca da bir meşə. Ora hər gün gedib 1 saat gəzən bir insanın yaşam keyfiyyəti min qat daha çox olar deyə bilərəm. Bu da həmin məkanın bir hissəsindən şəkil.

Westpark

Sözüm tərifləməkdən savayı bu yaxınlarda yaşadığım maraqlı bir hadisəni əhvalat etməkdir. Parkda Buddha`nın heykəli var, və həmin heykəlin hansı ölkənin mədəniyyətinə məxsus olduğunu öyrənmək üçün elə həmin yerdə meditasiyasını bitirən bir Asiya`lıdan soruşdum və bununla da maraqlı söhbətimiz başladı. Buyurun sizə söhbətdən maraqlı məqamları paylaşıram:

Bu hansı heykəldir və hansı mədəniyyətə məxsusdur?

– Bu Buddha`nın heykəlidir və Tayland Buddha`sıdır. Gözəldir elə deyil mi?

Həqiqətən də gözəldir. Bəs əli ilə göstərdiyi işarə nə məna bildirir?

– Buddha`nın əli ilə ifadə etdiyi müxtəlif işarələr var. Bu heykəldəki işarə isə enerji paylamağı göstərir. Budda dinləyicilərini(tələbələrini) öyrədən zaman bu işarə`dən istifadə edib heç bir söz demədən enerji yayırdı. Başqa əl hərəkətlərinin isə salamlamaq, səmimiyyət, inanc(güvən), və s. kimi mənaları var.

Hmm. Deyəsən bu barədə məlumatınız çoxdur. Hərhalda buddist`siniz. Elə mi?

– Bəli Buddist`əm. Hərhalda müəyyən müddətdir ki buddistəm. Meditasiya`ya başlayandan və vegetarian olandan sonra buddizm`ə bağlanmağa başladım.

Necə oldu bəs? Vaxtınız varsa biraz danışardınız təcrübəniz haqqında.

– Uşaqlığım Almaniyada keçib mənim. 15 yaşımda, uşaqlıq illərinin ən maraqlı olması gərəkən bir vaxtda həyatımda çox pis bir hadisə baş verdi, və bu travma ilə yaşayırdım. Bir müddət sonra bir nəfər mənə meditasiya etməyi məsləhət gördü. İlk əvvəl buna güldüm, nə ve necə edəcəyimi bilmirdim. İnternet yox idi ki baxım, maraqlanım bu haqda. Sonra bir neçə nəfər məsləhətlər verdi necə etmək barədə, mən də başladım. Hər gün meditasiya edirdim. İlk əvvəllər çox bir şey anlamasam da, daha sonralar artıq meditasiya zamanı ağlımın bədənimdə olmadığını duymağa başladım… və… və bir gün, 3 ildən sonra bir gün, meditasiya edəndə bir şey gördüm. Gözüm bağlı idi, ama yenə də çox dəqiqliklə bir şey gördüm.

Nə gördünüz?

– Xoşbəxtliyi. Bunu anlata bilmərəm, ama mən xoşbəxtliyi gördüm. Həmin hadisədən şok oldum, çox qorxdum və meditasiyanı dayandırdım. Bir də etməyəcəyimə söz verdim. Düzdü indi yenidən başlamışam. (Gülür)…

Meditasiya həyatınızda nəyi dəyişdi?

– Meditasiya bir çox şeyi dəyişdi önəmli mənada. Həyata baxışım dəyişdi. Xoşbəxtliyin nə olduğunu anladım.

Deyə bilərsiz həyat nədir?

– Bizim üçün həyat qonaq evidir. Biz bu həyatda qonağıq. Ətrafımızda gördüyümüz heçnə bizim deyil. Mən öləndən sonra nə pulum məndə olacaq, nə ailəm mənlə olacaq, nə də ki içində olduğum bu bədən məndə qalacaq. Yalnızca etdiyimiz əməllər, düşündüklərimiz, və xatirələrimiz bizimlə gələcək. Bunu anlayıb yaşamaq xoşbəxtlikdir özü-özlüyündə. Həyat bir kanvas kimidir. Biz isə rənglər. Əgər tək bir nəfər, ya tək bir xalq, ya da tək bir din olsaydı o zaman həyat maraqsız olardı. Ama baxın ətrafınıza, bu həyatda neçə cür fərqli inancda, görkəmdə, düşüncədə insan var, neçə fərqli rəng var. Bax həyatı maraqlı edən də bu rənglərin qarışması, inteqrasiyasıdır.

Bəs xoşbəxtlik nədir? Necə əldə etmək olar?

– Xoşbəxtlik paylaşmaqdır. Pozitivlik paylaşmaq, yardım paylaşmaq, sevgi paylaşmaq, gülüş paylaşmaq. Tutaq ki siz alma yemək istəyirsiniz. Bunun üçün siz bir alma ağacı əkməli, onu becərməli və yetişməsinə qədər ona baxmalısınız. Siz alma istəyib portağal ağacı əkərək istədiyinizi əldə edə bilməzsiniz. İnsan paylaşmağı bacardığı zaman dünyanın və öz daxilinin gözəlliyini anlayır… İnsan tək olduğu zaman özünü xoşbəxt hiss edə bilməz. Həyatın harmoniyasını, və özünün bu harmoniyanın bir parçası olduğunu anlamalıdır insan.

Bəs əzab, əziyyət nədir sizinçün? 

– Hmm. (Biraz gözlərini yumub fikirləşir) Əzab sadəcə insanın xoşbəxt ola bilməmək qorxusudur. Bu qorxunu qalib gəldikdə isə artıq nə əzab qalır, nə də əziyyət… Gəlin belə bir məsəl ilə izah edim. Yəqin ki hərkəs qaranlıqdan qorxur. Təsəvvür edin ki, qaranlıq bir otaqdasınız. Ətrafınızda nələr olduğunu görmürsünüz və Qorxursunuz. Bu qorxu sizə əziyyət verir. Ama əgər otağın işığını yandıra bilsəniz hərşey görünəcək, və siz artıq qorxmayacaqsınız… Ümid edirəm anlaşılır oldu izahım. (gülür)

Bəli, təşəkkür edirəm. Son bir şey soruşum icazə versəniz. Həqiqəti nədə görürsünüz? Sizinçün həqiqət nədir?

– Həqiqət odur ki, biz müvəqqətiyik bu dünyada. Bundan sonra başqa bir dünya üçün bu dünyada əziyyət çəkib, əməllərimizi tamamlayıb gedəcik. Karma bizə özü həqiqəti göstərəcək.

Çox sağolun vaxtınızı ayırıb mənimlə söhbət etdiyiniz üçün. Məmnun oldum. Ümid edirəm bütün həyatlarda həqiqəti və xoşbəxtliyi tapaq. 

– Siz də çox sağolun, mənə də çox xoş oldu. Uğur sizinlə olsun…

————————————————————————————————–

Bax beləcə söhbətimiz bitdi. Bu da həmin buddist və Buddha`nın heykəli

.Buddha və mənBuddist

 

Advertisements