Davam… ManAT!

by Heydarov

Devaluation of AZN

Çoxdandır heçnə yazmırdım. Fevral`ın 3cü həftəsi idi, özümə 2015 üçün planlar yazdım. Bu planlardan biri də blog yazmağa davam etməyimdir. Blog yazmağın çox xeyri olduğunu düşünürəm, çünki ən azından 2 cümləni əlaqəli şəkildə ard-arda yaza bildiyini xatırladır insana. Bundan başqa, özümüzü ifadə edərkən `yerinə düşən` sözlərdən istifadə etməyi öyrədir. İngiliscə yazdığım yazılarla isə dil biliyimi daha da artırıram. Lakin, əsas yazılarım azərbaycancadır. Hərhalda, bəli, davam edirəm yazmağa…

***

Deməli 1 həftədir manat(AZN) haqqında gedən söhbətlərə sakitcə qulaq asmağa davam edirəm. Ətrafımda olan bir çox iqtisadiyyat, biznes oxuyan tələbələr, müəllimlər, iqtisadiyyatdan başı çıxan insanlar bir çox şərh bildirdilər manat`ın dəyərdən düşməsi haqqında. Məndən 2 il öncə kimsə soruşsaydı ki pulun dəyərdən düşməsi və ya dəyərinin yüksəlməsi nə deməkdir bilirsən, hərhalda çox mənasız bir zarafatla yola verərdim. Amma bugün milli valyutanın dəyərdən düşməsinin, xüsusən də Azərbaycan kimi bir ölkədə, necə fəsadlara yol açdığını düşünəndə zarafat edə bilmirəm. Bu hadisəni sadə dillə, qısa şəkildə izah edim. Bilirəm, internet bizə artıq informasiyaları sürətli şəkildə beynimizə ötürməyi öyrədib.

Devalvasiya- Manatın alıcılıq dəyəri düşdü. Niyə?

Hamımız bilirik ki, Rusiyanın Krımı alması, və Şərqi Ukraynanı tutmaq istəməsi ilə bağlı beynəlxalq qüvvələr ona dərs vermək istədi, sanksiyalar tətbiq etdi. Daha güclü bir dərs isə Neftin qiymətinin süni şəkildə aşağı salınması oldu, və beləliklə 100$+`a satılan neft indi -+50$`a satılır. Neft sahəsi iqtisadiyyatının əsasını təşkil edən ölkələr üçün bu böyük bir zərbədir. Güman edilən neft gəlirlərinin 50% aşağı düşməsi deməkdir bu. Azərbaycanın gəlirlərinin 70%`dən çoxunun neft və qaz sahəsindən gəldiyini biliriksə, bu qiymət düşməsinin büdcəyə təsirinin nə dərəcədə önəmli olduğunu hamımız görə bilərik.

Beləliklə, neftin qiymətinin aşağı düşməsi ilə büdcədə kəsrlər əmələ gəldi. Daha dəqiq desək, 2015 üçün güman edilən neft gəliri 4,7 milyard dollardır, bu isə 2014 cü ildə gələn 16,3 milyard dollar gəlirdən 77% azdır. Bəs bu niyə pisdir dövlət büdcəsi üçün?

Büdcə planlaşdırılarkən növbəti il üçün gəlirlər və xərclər hesablanır. Bu hesablamalara əsasən təxmini büdcə hazırlanır. Düşünün ki 16,3 milyard dollar gəlir və 10,3 milyard xərci olan iqtisadiyyatın il sonunda büdcədə 6 milyard dollar(16,3-10,3=6) pul qalması nəzərdə tutulur. Lakin, neft qiymətləri 50$`a düşür və büdcə gəlirləri 4,7 milyard dollar olur, və xərclərin dəyişməz qaldığını düşünsək il sonunda büdcə -6.6 milyard dollar(4,7-10.3= -6.6) olur. Hərhalda düşünün ki 1 ay boyunca işləyirsiniz və hesabladığınızın əksinə görürsünüz ki sizin hələ nə qədər borcunuz yaranır. Dövlət büdcəsi üçün isə işlər daha da çətindir.

Mərkəzi bank isə ehtiyat rezervlərdən manatın stabil saxlanılması üçün böyük miqdarda pul ayırdı, (təxminən 2.2 milyard AZN). Bu isə uzun müddət davam edə bilmədi, çünki artıq rezervlər də tükənməyə başladı. Nəticə etibarı ilə, Mərkəzi Bank`ın manatın dəyərini aşağı salmaqdan başqa çarəsi qalmır. 21 Fevral günü, Dolların dəyəri 0,78AZN`dən 1,05AZN`ə qalxdı. Bu isə manatın təxminən 30% dəyərinin itməsi deməkdir. Mərkəzi Bank bunu ona görə etdi ki, ölkəyə neftdən gələn dollarlar daha çox AZN etsin və büdcə kəsrləri aradan qaldırılsın.

Bəs bizim pulumuza nə olacaq?

İlk  öncə başqa bir şey deyim. Bu devalvasiya neftdən gələn gəlir AZN`lə daha çox pul etsin deyə edildi, lakin burada kəmiyyət-qiymət faktoru önəmli rol daşıyır. Yəni əgər pulun dəyəri nə qədər aşağı salınırsa (30% deyək), gərək satış da bir o qədər artsın ki bu balans qorunub saxlanırsan. Dövlət neft satışlarını 30% artırmalıdır. Lakin nəzərə alsaq ki 2014 cü ildə neft istehsalı 2-3% arası azalıb 2013`ə nisbətən, bu məsələ də biraz müşkül görünür.

Və gəldik əsas məsələyə… Bizim pulumuza nolacaq? Milli Valyutanın dəyərdən düşməsi iqtisadiyyatda infliyasiyanın artması deməkdir. Sizə sadə bir izah verim. Əgər əvvəl mağazada 1 `manat` dəyərində məhsula 1AZN pul verirdiksə, 25% inflyasiya olan zamanı 1 `manat` dəyərində məhsula 1,25AZN pul veməliyik. Xüsusilə qeyd etməliyəm ki, bu qiymət dəyişimi yalnızca ölkəyə xaricdən import edilən məhsullara tətbiq olunabilər. Ölkə daxilində istehsal olunan məhsulların qiymət artımı yalnızca süni artımdır, və bu insanları aldatmaqdan başqa bir şey deyil. Amma nəzərə alsaq ki 55% məhsullarımız xaricdən import olunur, mağazadan alacağınız məhsulların yarısından çoxunda qimyət artımı gözləniləndir. Bu 1ci nəticədir.

İkinci zərər isə, banklara ödənilən kreditlərlə dəyir vətəndaşlara. Deməli, dollarla kredit götürən şəxslər artıq 30% daha çox AZN ödəməlidir banka. Əgər 1000 dollar götürülmüş kreditə əvvəl 870AZN ödəyirdisə vətəndaş, artıq 1050AZN pul ödəməlidir. Beləliklə ay sonuna qədər cibimizdə devalvasiyadan öncəsinə kimi 180AZN pul qalırdısa, artıq o da qalmır.

Kiçik və Orta Sahibakarlar`a dəyən zərər isə daha böyükdür. Düşünün ki, Fevralın 21`indən öncə xarici ölkədən 10,000 dollarlıq məhsul sifariş verən sahibkar 8700 manat pul verəcəyini düşünür və ölkə daxilində məhsulun satışından gələn gəlirin 10,000AZN  olacağını nəzərə alsaq sahibkar 1300AZN pul qazanmalı idi. Lakin devalvasiyadan sonra sahibkar həmin məhsul üçün 8700AZN yox 10500AZN pul ödəməlidir. Və 1300AZN qazanmaq üçün məhsuldan gələn gəlir 11800AZN olmalıdır. Bu da hər məhsulun üzərinə müəyyən qədər qiymət artımı deməkdir. Təbii ki qiyməti bu qədər artan bir məhsulu vətəndaşlar almayacaqlar. Əgər məhsulun saxlanma müddətinin 1 həftə olduğunu düşünsək və bu həftə içərisində heç bir məhsul satılmasa, sahibkarın 10500AZN pulu batır.

Dövlət nə etməlidir?

Əgər bu devalvasiyada əsas məqsədin büdcə kəsrlərini aradan qaldırmaq olduğunu düşünsək, belə kəskin devalvasiya əvəzinə başqa islahatlar görülə bilərdi.

Büdcə kəsrlərini aradan qaldırmaq üçün `fiscal policy` (maliyyə siyasəti) də `ixtisar` prosesi mövcuddur. Dövlət ya xərcləri azaldır, ya vergiləri artırır, ya da hər ikisini eyni zamanda tətbiq edir. Yüngül devalvasiya ilə birliktə bu islahatlar görülsəydi belə 2rəqəmli infilyasiya mövcud olmazdı. Bu siyasət qısa müddətdə balans yaratmaq üçündür nəzərdə tutulmalıdır. Uzun müddətlik nəzərdə tutula bilən siyasət isə odur ki, qeyri-neft sektorlarına yatırımlar artırılsın və bu sahələr inkişaf etdirilərək risk müxtəlif sektorlar arasında paylanıb azaldılsın.

Və sonda demək istəyirəm ki, Bir xalqın rifahının yüksəldilməsi üçün lazım olan ən əsas islahat isə təhsil sisteminin möhkəmləndirilməsi və savadlı kadrların hazırlanmasıdır. Yalnız və yalnız təhsili güclü olan bir dövlət iqtisadiyyatını, siyasətini, və əhalinin sosial vəziyyətini optimallaşdıra bilər…

Bu yazıda edilən bütün şərhlər yazarın şəxsi fikirləridir.

Advertisements