Sərxoş Ruh

womanwithwine.jpg

 

Kədərə uzanan yollar aparır məni

Uzaqların üfüqü qırpıdır kiprikləri

Qoxunu gətirir külək illərin xəttləri ilə dolmuş üzümə.

Və darıxıram nəfəsinçün…

 

Nağılların sonu olmur demişdilər,

küçələrin tozu qalmır demişdilər,

darıxmağın adı olmur demişdilər,

sənin getməyəcəyini də deyənlər.

Sonunda Yalanlar aldı səni əlimdən,

gözümü yumub gedişi gözlədim… İnanmıram…

 

Bir neçə addım daha atdım tanrının yoxluğuna,

Zamanın bitdiyi andayam.

Cisimsizliyimin xoşbəxtliyi sarıb kainatı.

Sərxoş ruhum qarışıb rənglərinə dünyanın.

 

Ama sən qadın…

Beynimin bir qırışında qalmısan hələ də

Sağalmayan yaralarınla birliktə.

Göz yaşlarınla dönür kədər dəyirmanı.

Unutmağın mümkün olmadığı ölçüdəsən,

Sərxoş ruhumun dərinliklərinə yapışıb sənsizlik.

 

Necə gözəl idi susmaq gözlərində.

Durmaq həyata qarşı əl-ələ.

Harmoniyalaşmaq həyatın fəsilləri ilə.

Arzuların yanlışı oldu səninlə xoşbəxtliyim,

Hər yanlışın bir gün bitdiyi kimi

Sən də bitdin şeirlərimdə…

Əvəzsiz bir yuxu kimiydin reallığımda

Əbədi bir boşluğ var sən olmayan xəyallarımda…

 

İndi isə aparır kədərə uzanan yollar məni

Sənsizlikdə yəqin itib tanrının da səsi

Ağciyərlərimdə çatışmır qoxun sənin

Çəkindiyim səni itirmək olmayıb heç vaxt,
Ən pisi öyrəşməkdi yoxluğuna sevgilinin.

İndi isə, qadın ol, şərabım,

Qarış ruhumun ən sərxoş dərinliyinə…