Həyatımızdakı Alqoritmlər

0_KNAWEtfC7ijMpqfe

2 illik Freiburg macərasından sonra, işləmək üçün Stuttgarta köçdüm 1 Avqust tarixində. Köçə bilmək üçün də, təbii ki, kirayə ev tapmalıydım. Hardasa 1 aya yaxın vaxtımı aldı axtarış, həmçinin əsəblərimi və enerjimi də. Çünkü artıq ev axtararkən müxtəlif kriteriyalar qurmuşdum beynimdə: işə yaxın olması, şəhər mərkəzinə yaxın olması, marketlərə, restoranlara və alış-veriş mərkəzlərinə yaxın olması, evin böyük olması, yeni təmirli olması, mebellə təchiz olunması, kirayə qiymətinin gəlirimin 30%`indən çox olmaması, və s. və i.a.  Baxmayaraq ki son 6 il ərzində 12-13 dəfə ev dəyişdirmişəm, yenə də yeni bir yerə köçmək adı gələndə bu fikirlər stress yaradır.

 

Əminəm xaricdə yaşayan və ya bir şəhərdən başqa şəhərə, bir evdən başqa evə köçən hərkəs bunu bilir. Əgər sənin də başına belə bir şey gəlibsə və bu işi necə asanlaşdıra bilərəm deyə özünə sual vermisənsə,  Brian Christian və Tom Griffiths`in  ‘Həyatımızdakı Alqoritmlər’ (Algorithms to Live By) kitabında bu başağrıdan məsələyə bir həll yolu var: 37%.

image

 

 

 

İlk baxışda çox da həll yolu kimi görünməsə də, 37%`in bir alqoritm nəticəsi olduğunu biləndə hərşey daha da aydın olur. İstər kirayə ev, vəya maşın dayanacağı, və hətta istərsə həyat yoldaşı axtarışı olsun, nə vaxt axtarışı saxlayıb seçim etmək sualı ‘Optimal Dayanma’ alqoritması ilə özünə cavab tapır. Bu alqoritmə əsasən biz vaxtımızın 37%’ni müşahidə etməyə, geri qalan vaxtı müşahidələrimiz nəticəsində hesabladığımız orta hesablı kriterianı keçə biləcək ilkin namizədi tapmağa sərf etməliyik. Məsələn, əgər üç həftə ərzində ev tapmalısansa təxminən bir həftə müşahidə aparıb, geri qalan iki həftədə isə qarşına çıxacaq ilk yaxşı namizədə atılmalısan.

Həyatımızdakı Alqoritmlər kitabında Tom və Brian komputer problemlərini həll etmək üçün təklif və tətbiq olunmuş alqoritmləri gündəlik insan məşəqqətləri üçün də tərcümə edirlər. Alqoritm sadəcə hərhansı bir problemin həll yolunun sonlu saydakı bir ardıcıllığıdır. Ən sadə bir bənzətmə ilə izah etsək, Alqoritm tort hazırlanmasında istifadə olunan reseptdir. Bu resepti harda, nə zaman istifadə edirsiniz edin, sizə bənzər tortu verməlidir (əgər reseptdəki məhsullar hər zaman eyni olarsa təbii ki).

Kitabda əsasən çeşidləmə, (vaxt) dəyərləndirmə, və düzgün qərar vermə kateqoriyasında alqoritmlər izah olunub. İlk səhifələrinin birində də yazıldığı kimi, ‘həyatmızı problemlərlə doludur, və bu problemlər ümumilikdə çətin olur’. Bəzən müəyyən qaydalardan istifadə edərək, başqa insanların da köməyi ilə bu problemləri həll edə bilirik, bəzən isə edə bilmirik. Elə problemlər var ki, həqiqətən də onların həllini tapmaq insan ömrünün və resurslarının xaricindədir. Lakin, bir çox məsələlərdə sadə riyazi və komputer metodlarından istifadə edərək nəticəni qısa zamanda və az xərclə əldə edə bilərik.

Biz çox vaxt problemlərimiz haqda çox emosional düşünüb, həlli asan olan şeyləri belə çətinləşdiririk özü beynimizdə. Lakin, məsələlərə diqqətlə yanaşsaq, detallarla böyük rəsm arasındakı balansı tuta bilsək, zincirvari quruluşu müəyyən edə bilsək, o zaman cavabı olan bütün suallarımızı qısa zamanda başa çatdırıb, həlli olmayan problemlərimizi də öz axarına buraxmalı olduğumuzu görəcəyik.