Heydaroff's World

All I think…

Category: Manuscripts

Sərxoş Ruh

womanwithwine.jpg

 

Kədərə uzanan yollar aparır məni

Uzaqların üfüqü qırpıdır kiprikləri

Qoxunu gətirir külək illərin xəttləri ilə dolmuş üzümə.

Və darıxıram nəfəsinçün…

 

Nağılların sonu olmur demişdilər,

küçələrin tozu qalmır demişdilər,

darıxmağın adı olmur demişdilər,

sənin getməyəcəyini də deyənlər.

Sonunda Yalanlar aldı səni əlimdən,

gözümü yumub gedişi gözlədim… İnanmıram…

 

Bir neçə addım daha atdım tanrının yoxluğuna,

Zamanın bitdiyi andayam.

Cisimsizliyimin xoşbəxtliyi sarıb kainatı.

Sərxoş ruhum qarışıb rənglərinə dünyanın.

 

Ama sən qadın…

Beynimin bir qırışında qalmısan hələ də

Sağalmayan yaralarınla birliktə.

Göz yaşlarınla dönür kədər dəyirmanı.

Unutmağın mümkün olmadığı ölçüdəsən,

Sərxoş ruhumun dərinliklərinə yapışıb sənsizlik.

 

Necə gözəl idi susmaq gözlərində.

Durmaq həyata qarşı əl-ələ.

Harmoniyalaşmaq həyatın fəsilləri ilə.

Arzuların yanlışı oldu səninlə xoşbəxtliyim,

Hər yanlışın bir gün bitdiyi kimi

Sən də bitdin şeirlərimdə…

Əvəzsiz bir yuxu kimiydin reallığımda

Əbədi bir boşluğ var sən olmayan xəyallarımda…

 

İndi isə aparır kədərə uzanan yollar məni

Sənsizlikdə yəqin itib tanrının da səsi

Ağciyərlərimdə çatışmır qoxun sənin

Çəkindiyim səni itirmək olmayıb heç vaxt,
Ən pisi öyrəşməkdi yoxluğuna sevgilinin.

İndi isə, qadın ol, şərabım,

Qarış ruhumun ən sərxoş dərinliyinə…

Advertisements

Uzaqdır

unity

Uzaqdır, bilirəm, buralar uzaq

Hansı xoşbəxtlikdən danışım mən yalquzaq?

Uzaqdır bilirəm buralar uzaq

Bilirəm, bəsdir, danışma, qulaq as…

Hələ nə qədər körpə qanı lazımdır

Bu cəhənnəm boşluğunu doldurmağa?

Hələ neçə mələk ölməlidir Allahı yuxudan oyatmağa?

Mən ölülərini güllərlə anan xalqdanam,

Utanıram…

Çəkə bilərsən mi qadın mənim portretimi?

Çəkə bilərsən mi sənsizliyi, `heçkimliyi`?

Ya da burax eee, paylaşma kədərimi fırçanla…

Uzaqdır, bilirəm, buralar uzaq

Bilirəm, bəsdir, danışmaq qulaq as…

Susmaqlarım gördüklərimdəndi,

Gördüklərim sevdiklərimdən, bir də sevib sildiklərimdən.

Bakının küçələri qədər əxlaqsızam indi,

Məhkəmələrin ədaləti qədər alidir sənə olan nifrətim.

Ölüm kimi ani getdin, elə getdin duymadım.

Köpüklü yalnızlıq qusuram indi başqa bədənlərə.

Sən gedəndən sonra ekiz övladlarımız oldu,

Biri qız, biri oğul.

Birinin adı kədər, birinin adı qəm.

Bax eee gözlərimə, bax, söylə mənə,

Hansı xoşbəxtliklərdən danışım mən?

Çəkə bilərsən mi qadın mənim portretimi?

Çəkə bilərsən mi sənsizliyi, `heçkimliyi`?

Ya da burax eee, paylaşma kədərimi fırçanla…

Şəhriyar del Gerani- Dənizə atılmış Balıq Şəkilləri(Şeir)

Aysel Çingiz

 

Dost…

qadın

Sarı Saçlı Qadın

qovuşmadılar

Bax mənə, gözlərimə.

Söylə… Nədir adın?
Sarı saçlı qadın.

Bu kədər qoxusu ətrindənmi gəlir?
Parçalayır, ruhumun dərinliklərini dəlir.
Bu tamaşada axı nədir bizim rolumuz?
Sonunda bitməyəcəkmi
Birgə getdiyimiz yolumuz?
Yazdığım bütün misralarda səni axtardım,
Axtardığım bütün yollarda təkliyi tapdım.
Bir də ümidlərimi.
Solmuş ümidlərimi sevgimiz kimi…

Tut Əlimdən, gəl gedək buralardan,
Uzaqlara insanlığı öldürən insanlardan.
Unudaq səhvləri,
cıraq keçmiş vərəgləri.
Durduraq zamanı, saatları dəqiqələri,
Qaçma məndən, gözlə məni…

Ol mənə yaxın,
sarı saçlı qadın.
Söylə mənə. Nədir adın?

 

 

Picture by Delawer(Artist)

 

Getmə

Image

Boğ məni saçlarının ətrində,

Susdur məni danışanda səsinlə.
Qeyb olum gözlərinin dərinliklərində.

Gəl öyrədim sənə sevməyi,

Sevdinmi ona qəlbini verməyi.

Dodaqlara ehtiyacın olmadığını anladım,

GƏl, öyrədim sənə getməyi cənnətə.

 

Gəl oturaq Xəzərin sahilində,

Danışmadan heçnə

Dinləyək səsini dalğaların.

Sən ol dalğa, mən bir qaya parçası.

Çırpıl mənə, parçala məni,

İtir məni dərinliklərində.
Gəlsin uzaqdan Vaqif Mustafazadənin,
`Düşüncə`si…

Silək assimetrik hər şeyi,

Qanadaq bütün yaraları.

 

 

Ya da gedək bu ölkədən uzaqlara,

Heç kimin olmadığı bir yerə gedək.

Siyasətçilərin, kapitalistlərin olmadığı

Bir yer.

Yaşadaq, yaradaq, Paylaşaq sevgimizi…

 

 

 

 

 

Ama sevmə məni səni sevdiyim kimi,

Ağla istərəm gəlib qucaqlarkən qəbrimi.

Olmadı, gəl öl mənimlə,

Qarışaq bir torpağa,

Çürüyək bir qabıqda.

Getmə…..

Xoşbəxtlik qatarı

Image

Doldur gecələrin səssizliyini sənsizliyimə,

Ağlat məni qollarında hönkür-hönkür.

Anasını itirmiş bir uşağın qəhəriylə boğ məni,

Sındır kəlmələri, tök altına ayaqlarımın.

 

 

Gəl dostum, dərdləşək biraz.

Bİzə fərq etməz fəsillərdən qışdır yoxsa yaz.

Dərdlər ömürlükdür birazca da döz.

Qaldır badəni, qataq haramı halala, bitsin söz.

 

Yum gözlərini dostum, yoxluğun fərqinə var.

Xoşbəxtlik heç vaxt durmayan bir qatar.

Onu gördünmü, sarıl, buraxma, yoxsa qaçar.

Başqa yerdə axtarma, qəlbindədir o `açar`

Vis-a-Vis

Image

Kəs qanadlarını, tök qanımı qədəhə,

İçək birliyimizin xatirinə.

Qarışdıraq zəhəri sevgimizə, səhəri gecəmizə.

Yandıraq dərdləri, tökək sobaya.

Qoxlayım saçlarını mən doya-doya.

 

 

Marquez`in tənhalığı çöksün üstümüzə,
Beethoven dinlətsin sevgini bizə,

Dali çəksin imzasını şəklimizə,

Kəşf edək əl-ələ dünyanı gəzə-gəzə…

 

 

Uşaqtək saf olsun hisslərimiz,

Böyüməsin qalsın olduğu kimi.
Silək qaydalardan nifrəti kini.

Gəl oturaq danışaq biraz Allahdan,

Bir gün `Biz`i itirməkdən qorxmaqdan.

 

 

Ver mənə kədərini qadın, sev məni.

Anlat məni, göstər məni, gör məni.

Ya da durma, get, tərk et məni.

Səssizcə baxmadan arxaya,

Gün gələcək birləşəcək arx çaya…

Çək, qadın!

Image

 

Çək vərəğə şeirlərimi qadın,

Al gözlərimin rəngini, qatışdır qanla.
Görürsənmi ürəyimdə yazılıb adın,

Birləşdir həyatımı, kədərimi kətanla.

 

Sən heç duydunmu xoşbəxtliyin qoxusunu?
Heç öldünmü məndən ayrı qalarkən?
İstədinmi qaçmaq hərkəs, hərşeydən?
Açdım qəlbimi, gəl sığın sevgimə.

Çək vərəğə şeirlərimi qadın,
Səninləykən cənnət mənim sandım.
Əllərim üşüyəndən sonra
Sənsiz olduğumu anladım.

Gəl qadın, sıx əllərimi sinənə,
Qoy eşidim ürəyimin döyüntülərini.
Ərit məni dodaqlarının istisində.

Sus! Bilirəm boş xəyaldır səni sevmək,
Boş nağıldır mənimlə olduğunu bilmək…

Çək vərəğə şeirlərimi qadın,

Qarışdır göz yaşımı göz yaşınla çək vərəğə fırçayla.
İtirək `Sən` və `Məni, yox olsun.
`Biz` olan varlıq tablolarda qalsın…

 

 

 

bir uşağın məqsədsiz yazılmış hekayəsi

Hər şey tədricən baş verirdi…

Öncələr sadəcə uşaqsayağı hərəkətlər edərdi. Anası hər zaman `Dərs oxu, məhəllədən uzağa çıxma, yeməyini ye` deyərək onu kiçik bir dairənin içində saxlamışdı. 15 yaşına kimi bəlkə də məktəblə ev arasındakı yoldan başqa heç bir yol tanımazdı. İndi də olduğu kimi, o zamanlar orta oxuyan şagirdlərdən biri idi. Bütün dərslərini son dəqiqədə etməyi çox sevərdi. Belə baxanda boş vaxtlarında da heç nə etməzdi… Atasını da çox sevərdi. Çox az görərdi onu, amma görəndə belə gözlərinin işıltısı daxilində demək istədiyi hər şeyi göstərərdi. Onun başqa yerlərə getməsinə heç dözə bilməzdi. Hələ uşaq idi, dözümü yox idi. Atası da ona aldığı hədiyyələrlə başını qatardı, hər defə yeni nəsə alardı. Ama balacanın o vaxtdan çox marağı yox idi hədiyyələrə. Hər zaman sındırıb tökərdi bütün hədiyyələri, əsas da maşınları. Anası elə danlayardı ki, hələ arada bir döyərdi də, qorxusundan onun sözündən kənara çıxa bilməzdi. Necə olurdusa getdiyi hər yeri bilib gəlib ordan tapıb çıxarıb sonra elə hey danlayardı. Anasının bişirdiyi yeməkləri çox sevərdi, əsasən də süd məhsullarını. O zaman anlamazdı, nələr doğru nələr yanlışdır. Elə öz ağlına gələni anasının qoyduğu çərçivəyə uyğun edərdi. Atası ona ancaq bir çərçivə qoymuşdu- ağıllı olub dərslərini oxu və evdəkiləri qoru.
Bu onun 6-7 yaşından bu yana bildiyi tək çərçivədir atasından aldığı.

***

Zaman keçdikcə böyüməyə başladı. Yeni-yeni insanlar tanımağa başladı. Dostlar qazanmağa başladı. Əslində hələ də bilmir `dost`mu qazanıb yoxsa sadəcə müəyyən müddət birlikdə vaxt keçirdiyi sadəcə yoldaşlarmı, amma o vaxt `dost` bilərdi həmin insanları. Onlar üçün bəlkə də çox şeylərdən vazkeçərdi ki, qoy dostları yaxşı olsun. Artıq məhəllə limitindən kənara çıxıb digər məkanları kəşf eləyirdi. Qorxmurdu. Düzdür yenə anasının danlamaları davam edirdi, lakin artıq onlar uşaq vaxtındakı kimi boşuna olanlardan deyildi. Bəlkə də o zamanlar da boş deyildi, bəlkə də yavaş-yavaş anlamağa başlayırdı o danlamaların arxasında gizlətdiyi mənanı anasının. Fikirləşirdi ki, biraz böyüyəndən sonra özünə məqsəd qoyacaq, o məqsəd üzərində irəliləyəcək. Hələ bilmirdi nə olmaq istədiyini. Nə də olsa yaşı az idi. Dost bildiyi insanlarla vaxt keçirməkdən çox həzz alardı. Hələ də əyləncə anlayışı sadəcə ayda 1dəfə `dost`larıyla biraz artıq vaxt keçirmək idi. Dərslər artıq ağırlaşdığından daha çox çalışmalıydı, amma həm özünün hərşeyi sona saxlama xasiyyətindən, həm də anasının axşam tez yatmağa məcbur elədiyindən yenə də çox çalışmayan şagirdlər arasında yer alırdı. Lakin həqiqətən çox məyus olardı zəif qiymət aldığı zaman. Səbəbini bilməzdi, heç indi də bilmir, ama yenə də istəyərdi yaxşı nəticələri olsun. Beləcə böyüyürdü məqsəd tapıb çıxa bilmədiyi o mərkəzi dairəvi yoldan.

***

İndi əvvəlkinə nisbətən daha da böyüyüb. Boyu artıb, fiziki görünüşü bir az dəyişib, fikirləri dəyişib. Bunlara baxmayaraq hələ də özünə bir məqsəd seçə bilməyib, mərkəzi dairəvi yolu hələ də fırlanır… Nə istədiyini bilmədiyindən də etdiyi səhvlərin gələcəkdə ona nə kimi problemləe açacağını, və ya nə xüsusi olaraq nə etməli olduğunu hələ də bilmir… Ətrafına baxıb heç kimi olmadığını görməksə onu çox sıxır. Ailəsinin, `dost`larının, yaxınlarının ondan uzaqda olması onu çox sıxır. İstədiyini eləmişdi, amma nə üçün eləmişdi məlum deyil heç özünə də. Anasının yeməklərindən, atasının söhbətlərindən, ailəsindən, dostlarından ötrü çox darıxdığını artıq gizlədə bilmir. Bacardığı qədər özünü güclü göstərmək istəyir. Amma məqsəd yoxdur. Yolunun istiqamətini seçə bilmir. Bunu gec olmadan etməsə çox çətin olacaq. Dəstəyə ehtiyacı var, amma təkdir o. Həyatın ona göstərəcəyi yolları görmək istəyir. Gözləyir. Az qalıb… Dəyişməli olan çox şey olacaq…

%d bloggers like this: